Xarici ticarətimiz niyə azalır? | TƏHLİL

   Xarici ticarətimiz niyə azalır?    | TƏHLİL
  19 Dekabr 2023    Oxunub:1916
İqtisadiyyatda makrosabitliyi təmin edən göstəricilərdən biri xarici ticarət dövriyyəsidir. Çünki ölkənin tədiyyə balansı və valyuta bazarında vəziyyəti müəyyən edir. Xarici ticarət dövriyyəsi üzrə mənfi saldoya sahib ölkədə heç bir makrosabitlikdən və stabil valyuta siyasətindən söhbət gedə bilməz. Elə ölkədə milli valyutanın dəyəri mütləq müvafiq dəstəkdən asılı olur.
Azərbaycanın ixracının əsasını neft və neft məhsulları təşkil edir. 2023-cü ilin ilk 10 ayı ərzində ölkəmizin 29 milyard 345 milyon 994 min dollarlıq məcmu ixracının 26 milyard 633 milyon 463 min dollarını və ya 90,76%-ini neft-qaz sektoruna aid mallar təşkil edib. 2 milyard 712 milyon 531 min 270 dollarını, başqa sözlə desəm, cəmi 9,24%-ini isə qeyri neft-qaz sektoruna aid məhsullar formalaşdırıb. 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 43520,18 milyon ABŞ dollarına bərabər olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6% azdır.

Diqqəti cəlb edən əsas faktor odur ki, son bir ildə ölkə üzrə ixrac 15,5% azalaraq 29 345 milyon ABŞ dolları təşkil edib, idxal isə 22,3% artaraq 14 174 milyon dollara bərabər olub. Nəticədə xarici ticarət dövriyyəsində 15 171 milyon dollarlıq müsbət saldo yaransa da, ötən ilin eyni dövrünə nisbətən 34,3% az təşkil edib. Başqa sözlə desəm, xarici ticarətdə idxal ilə ixrac arasında fərq birincinin xeyrinə həm özünün artması, həm də ikincinin azalması hesabına xeyli dərəcədə mənfi istiqamətdə dəyişib. Bu nə ilə əlaqədardır?! Xariclə ticarət nəyə görə azalıb?! Və bu hal davamlı xarakter daşıya bilərmi?

Xarici ticarət dövriyyəmizdə idxal ixracdan daha möhkəm struktura sahibdir. Bu isə heç də qənaətbəxş vəziyyət deyil və qeyri neft-qaz sektorunun inkişafı hesabına aradan qaldırılmalıdır. Ərzaq və yeyinti məhsullarının idxalı getdikcə məhdudlaşdırılmalı, buna stimul verən amillər ləğv olunmalıdır. Paralel olaraq ixracda qeyri neft-qaz sektoruna aid məhsullar sürətlə artırılmalıdır. Buna nail olsaq müsbət saldo da möhkəmlənəcək.

Ümumiyyətlə, ixrac sırf ekstensiv şərait, yəni xarici konyunktur amillər hesabına yox, intensiv şəraitdə stimullaşdırılaraq genişlənməlidir. Dünya bazarlarındakı konyunktur hesabına yaranan üstünlük nisbi xarakter daşıyır, ona bel bağlamaq olmaz. Cari ilin yanvar-oktyabr ayları ərzində ölkəmizin məcmu ixracının 90,76%-ni neft-qaz sektoruna aid mallar təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 93,13% olub.

Hələ bu bir yana qalsın. Müvafiq ixrac dəyəri də aşağı düşüb. Belə ki, 2022-ci ilin 10 ayında ölkədən ixrac edilən xam neftin dəyəri 17 milyard 179 milyon 696 min dollar ikən, bu ilin ilk 10 ayında 3 milyard 394 milyon 60 min və ya 19,7% azalaraq 13 milyard 785 milyon 636 min dollar təşkil edib. Təbii qaz ixracının dəyərisə 14 milyard 653 milyon 418 min dollardan 2 milyard 381 milyon 446 min və ya 16,3% azalaraq 12 milyard 271 milyon 972 min dollara düşüb.

Ümumiyyətlə, bu il neft-qaz sektoruna aid mallar üzrə gəlir 5 milyard 692 milyon dollar az olub. Bu da onunla əlaqədardır ki, neft ilə qazın qiymətləri aşağı düşüb. Keçən il Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra enerjidaşıyıcılarının qiymətləri qalxmışdı.

Göründüyü kimi, birincisi, neft-qaz üzrə ixrac həm həcm, həm də dəyər nöqteyi-nəzərindən azalıb və azalır. Ölkədə xam neft hasilatının enməkdə olduğunu nəzərə alsaq, bu, davamlı xarakter daşıyacaq.
Digər tərəfdən isə, idxalda artımın və genişlənmənin ardıcıl və dayanıqlı xüsusiyyət kəsb etməsi xarici ticarətdə müsbət dinamikanın daha tez əldən getməsi təhlükəsi yaradır.
Odur ki, qarşımızda iki yol var: ya neft-qaz sektorunda azalmanın qarşısını almalı, ya da qeyri neft-qaz sektoru üzrə məhsul ixracının ümumi ixracda payını 50%-dən yuxarı həddə çatdırmalıyıq. Hazırda bu rəqəm 9,24%-dir. Bunu 50%-dən yuxarıya qaldırmaq isə böyük zəhmət və vaxt tələb edir.

2024-cü ildə Azərbaycanın neft-qaz sektorunda 1,7% azalma, qeyri-neft-qaz sektorunda isə 4,6% artım gözlənilir. Hökumətin rəyincə, bu, qeyri neft-qaz sektorunun inkişafı hesabına dayanıqlılığın təmin olunması hədəfinə uyğundur. Lakin xarici ticarət dövriyyəsi iqtisadiyyatda real vəziyyəti göstərir. Hər bir ölkənin iqtisadiyyatında hər şey onun məhz nəyi alıb, nəyi satması ilə ölçülür. Real iqtisadi gücü bu amil müəyyən edir.

Xarici ticarətdə müsbət saldo iqtisadiyyatda dayanıqlıq üçün tələb olunan əsas şərtlərdəndir. Maliyyə sabitliyi, dövlət büdcəsinin gəlirliliyi, istehsalda artım tempi və sair bunun üzərində dayanır. Qazandığından nə qədər az xərcləsən bir o qədər çox iqtisadi güc və maliyyə dayanıqlığı əldə edə bilirsən. Yetər ki, buna şərait olsun.



Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Xarici-Ticarət  





Xəbər lenti